REGİONLAR
İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi və sülhü təbliğ edib
Masallı, 30 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında “Nəsimi ili” çərçivəsində “Nəsimi irsi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini, həmçinin mədəniyyətə, şeirə, sənətə göstərilən dövlət qayğısı kimi dəyərləndirib.
Qeyd olunub ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.
Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, filosof-şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü təbliğ edib. Söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair yalnız Azərbaycanın deyil, eləcə də türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verib.
Diqqətə çatdırılıb ki, Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ümummilli lider Heydər Əliyev tərəfindən atılıb. Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib, 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub və ölkəmizdə ilk dəfə Nəsiminin abidəsi ucaldılıb. Azərbaycan poetik dilinin inkişafında böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri - Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldırıb.
Digər çıxış edənlər İmadəddin Nəsiminin Azərbaycan ədəbi dilinin zənginləşdirilməsi və saflaşdırılmasında xidmətlərindən danışaraq, mütəfəkkir-şairin əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm etdirdiyini, öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədakar bir sənətkar olduğunu bildiriblər.