İQTİSADİYYAT
İmereti regionunun qubernatoru biznes-forum və “CEO Lunch Tbilisi”də iştirak edəcək
Bakı, 13 dekabr, AZƏRTAC
Gürcüstanın İmereti regionunun qubernatoru Givi Çiçinadze “Caspian European Club” çərçivəsində dekabrın 15-də Gürcüstanda keçiriləcək Gürcüstan-Azərbaycan biznes-forumunda və üçüncü “CEO Lunch Tbilisi”də fəxri qonaq qismində iştirak edəcək.
“Caspian European Club”dan AZƏRTAC-a bildirilib ki, klub və “Energy Georgia”nın fəaliyyətini yüksək qiymətləndirən G.Çiçinadze İmereti regionunun Azərbaycan sahibkarları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
““Caspian Energy Georgia”nın bizim regionda da analoji tədbir keçirəcəyinə inanırıq. Biz də öz növbəmizdə əməkdaşlığa hər zaman açığıq və biznes tərəfindən irəli sürülmüş istənilən təklifi müzakirə etməyə hazırıq”, - deyə o bildirib.
“Caspian European Club” çərçivəsində keçiriləcək biznes-forumda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze və İmereti regionunun qubernatoru Givi Çiçinadze iştirakçı şirkətlərin rəhbərləri ilə görüşlər keçirəcək və onları maraqlandıran suallara cavab verəcəklər.
“Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev biznes-forumdan sonra ənənəvi “CEO Lunc”ın keçiriləcəyini qeyd edib. “CEO Lunch”da fəxri qonaq qismində Gürcüstan hökumətinin üzvlərinin iştirakı gözlənilir. Onun sözlərinə görə, http://www.caspianenergy.org/index.php/az/registration/item/133-azerbajdzhano-gruzinskij-biznes-forum linki üzrə dekabrın 14-dək foruma qeydiyyat açıqdır.
T.Əliyev, həmçinin xatırladıb ki, birinci “CEO Lunch” Tbilisi Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə sentyabrın 29-da Gürcüstanda “Caspian Energy Georgia”nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində keçirilib.
O bildirib ki, 2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin “Caspian European Club”un dəstəyi ilə V Beynəlxalq “Caspian Energy Forum” təşkil olunacaq. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.
Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun qurulmasında aparıcı rol oynayan “CEO Lunch” Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.
T.Əliyev qeyd edib ki, “Caspian European Club” və “Caspian American Club” CEIBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda, hər ayın sonuncu cümə günü Tbilisidə “CEO Lunch” keçirir.
“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. “Caspian European Club” və “Caspian American Club”un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə imkan yaradır. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.