CƏMİYYƏT
İmişli rayon sakininin qəsdən öldürülməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 4 sentyabr, AZƏRTAC
Bu il yanvarın 7-də İmişli rayon sakini Zaur Əzizovun rayon ərazisində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə İmişli Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İmişli Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumatda bildirilib ki, istintaqla rayon sakini Emin Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vurduqdan sonra avtomobil ilə Zaur Əzizovun üzərindən keçərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. E.Quliyev Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.