REGİONLAR
İmişlidə bu günədək 9 tondan çox barama tədarük edilib
İmişli, 25 iyun, Mahir Babayev, AZƏRTAC
Bu il İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 425 qutu barama qurdu toxumu gətirilərək kümçülərə paylanılıb.
Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb. Əgər ötən il İmişlidə 134 ailə ipəkqurdu bəsləmişdirsə, bu il onların sayı 156-ya çatıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il İmişlidə 10 ton 87 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı artıraraq 17 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı kümçülər üçün bütün zəruri şərait yaradılıb.
Artıq bu günədək tədarük məntəqəsinə 9 ton 500 kiloqram barama təhvil verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 ton 214 kiloqram çoxdur.
Tədarük olunan məhsulun 4 ton 500 kiloqramını rayonun Oruclu, Cəfərli və Telikli kəndlərinin kümçüləri istehsal edib.