REGİONLAR
İmişlidə kollektor-drenaj sistemləri təmizlənir, torpaqların şoranlaşmasının qarşısı alınır
İmişli, 4 aprel, AZƏRTAC
Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi İmişli rayonunun, ümumilikdə, 35860 hektara yaxın sahəsinə 1531 kilometr drenaj və kollektorlar şəbəkəsi vasitəsilə xidmət göstərir. İdarə torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması üçün kollektor drenaj sistemlərinin lildən təmizlənilməsini və onlar üzərində yerləşən hidrotexniki qurğuların cari və əsaslı təmirini həyata keçirir. İdarənin balansında olan maşın mexanizmlər tərəfindən mütəmadi olaraq rayon ərazisindəki kollektorlar lildən təmizlənir. Nəticədə sahələrdə şoranlaşmanın qarşısı alınır və torpaqlar münbitləşir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu işlər sistemli şəkildə aparılır. Əvvəlcə təsərrüfatlardaxili kollektorlar lildən təmizlənir. Daha sonra sistemli şəkildə əsas kollektorlara, yəni təsərrüfatlararası kollektorlara ötürülür. Bu kollektorlar da magistral kollektorlara qoşulur. Sonda magistral kollektorlar qrunt sularını rayon ərazisindən kənarlaşdırır.
Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması üçün Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsi kənd ərazilərində də işini davam etdirir. Belə ki, Bəcravan, Cavadxanlı, Əlqulular, Muradxanlı, Ağammədli, Nurulu, Muradallı, Otuzikilər, Hacırüstəmli, Xoşçobanlı, Murğuzallı, Qaragüvəndikli, Qulubəyli, Qaradonlu, Ölçələr, Boşçalılar və digər kəndlərdə 360 kilometr daxili təsərrüfat kollektorları lildən təmizləməklə onların üzərindəki 77 ədəd vaxtilə kiçik diametrli borularla tikilmiş keçidlər sökülüb böyük diametrli borularla əvəzlənir. Bu da nəticə olaraq drenaj və kollektorlarda qrunt və səth sularının normal axıdılmasına şərait yaradır. Bundan başqa, 2022-ci ilin əvvəlindən etibarən 50 kilometr kollektor-drenaj sistemi lildən təmizlənib.
Qeyd edək ki, hazırda rayon ərazisində təsərrüfatlar arası K-2 və K-3 kollektorlarında lildən təmizlənmə işləri aparılır. Bu da təsərrüfatlardaxili kollektorlarda qrunt sularının normal axıdılmasına şərait yaradır və nəticədə səth sularının səviyyəsi aşağı düşür.