REGİONLAR
İmişlidə şəhidlərin xatirəsini əbədiləşdirən bulaq kompleksi açılıb VİDEO
İmişli, 7 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Süleymanov Emin Bəhmən oğlunun, Səfərli Cavid Xaliq oğlunun və Cəfərov Osman Elsevər oğlunun xatirələrini əbədiləşdirmək məqsədilə İmişli şəhər 5 nömrəli məktəb - liseyinin həyətində inşa edilmiş bulaq-kompleksinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, məktəb-liseyin müəllim və şagirdləri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştirak ediblər. Tədbirdə öncə Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bu gün xalqımızın şanlı Ordumuzun cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə qeyd etdiyini bildiriblər. Bu tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə minnətdarlıq ifadə olunub. 30 illik həsrətdən sonra Emin, Cavid və Osman kimi oğullarımızın düşmən tapdağında olan torpaqlarımızı qarış-qarış azad etdikləri, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin qisasını aldıqları, onların qanlarını yerdə qoymadıqları, döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tarixinə adlarını qanları ilə yazdıqları diqqətə çatdırılıb.
Tədbir məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.