MƏDƏNİYYƏT


İmran Qasımov yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib

Bakı, 3 dekabr, AZƏRTAC

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında İmran Qasımovun anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Xəzər rayon MKS-nin fəal oxucuları və 149 nömrəli məktəbin şagirdləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən MKS-nin şöbə müdiri A.Nağıyeva İmran Qasımovun yaradıcılığından danışıb.

Bildirib ki, İmran Qasımov yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər. İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən “Uzaq sahillərdə” filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.

İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. “Onun böyük ürəyi”, “İnsan məskən salır“ və s. filmləri bu gün də sevilərək baxılır. Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi. İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. O işıqlı şəxsiyyət, görkəmli yazıçı kimi əbədi olaraq mədəniyyət tariximizdə yaşayacaq.

Tədbirdə Azərbaycan Televiziyası tərəfindən çəkilən İmran Qasımov haqqında sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.