CƏMİYYƏT


İmtahanda uğur qazanmış 158 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb

Bakı, 15 sentyabr, AZƏRTAC 

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi həyata keçirilir. Bu çoxmərhələli seçim proseduru nəticəsində 3400-dən çox namizəd sırasından 400-dən artıq yüksək hazırlıqlı hüquqşünas yazılı və şifahi imtahanları, habelə uzunmüddətli tədris kurslarını müvəffəqiyyətlə başa vuraraq müxtəlif hakim vəzifələrinə təyin edilib.

Hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə hakim ştatlarının sayı 200 vahid artırılıb, habelə məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.

Bununla əlaqədar, hakimlərin seçimi üzrə cari il iyulun 26-dan açıq müsabiqə elan olunub. Ötən müddətdə sənədlərini təqdim etmiş 206 hüquqşünasla test imtahanının keçirilməsi qərara alınıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə hakimliyə namizədlərlə test imtahanı keçirilib. Namizədlər üçün hər cür şəffaf və əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada və kompüter vasitəsilə cavablandırıblar.

İmtahanın nəticələri hər bir namizədə suallar cavablandırıldıqdan dərhal sonra elan olunmaqla, müvafiq arayış təqdim edilib, habelə nəticələr Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib. Həmçinin imtahan www.jlc.gov.az saytı vasitəsilə “on-line” rejimində birbaşa yayımlanıb.

İmtahanda 60 və daha çox bal toplayaraq uğur qazanmış 158 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu və müsabiqə davamlı olaraq həyata keçiriləcək. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.