İQTİSADİYYAT
İndiyədək “Şahdəniz”dən 121 milyard kubmetr təbii qaz çıxarılıb
Bakı, 12 may, AZƏRTAC
İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 28 milyon ton kondensat əldə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 121 milyard kubmetr təbii qaz hasil olunub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 4,7 milyard standart kubmetr qaz və təqribən 1 milyon ton (7,7 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur. 2018-ci il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir.
Birinci rübdə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib. Rüb ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 219 milyon dollaradək əməliyyat və 219 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.