SİYASƏT
İndoneziya Prezidenti Coko Vidodonun inauqurasiya mərasimində Azərbaycan da təmsil olunub
Tokio, 21 oktyabr, AZƏRTAC
Növbəti dəfə İndoneziyanın Prezidenti seçilən Coko Vidodo oktyabrın 20-də rəsmi olaraq vəzifələrinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, Xalq Məsləhətçiləri Konqresinin binasında keçirilən inauqurasiya mərasimi yerli televiziya kanallarında birbaşa yayımlanıb.
Mərasimdə Avstraliya, Bruney, Malayziya, Sinqapurun liderləri, Çin Sədrinin müavini Van Tsişan, Vyetnam, Cənubi Koreya, Yaponiya və digər ölkələrdən gəlmiş rəsmi nümayəndələr iştirak ediblər. İnauqurasiya mərasimində Azərbaycanı ölkəmizin İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov təmsil edib.
Tədbirdə əvvəlcə İndoneziyanın dövlət himni səslənib, sonra ölkənin azadlığı uğrunda həyatlarını qurban verənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Xalq Nümayəndələri Şurasının yeni sədri Bambanq Soesatio aprelin 17-də keçirilmiş ümumi seçkilərin rəsmi nəticələrini elan edib.
Daha sonra Coko Vidodo and içib: “Allaha and içirəm ki, bütün gücümü sərf edərək İndoneziya Respublikasının Prezidenti vəzifəsini ədalətlə icra edəcəyəm. Konstitusiyaya, bütün qanunlara əməl edərək, özümü bütünlüklə xalqa xidmətə həsr edəcəyəm”.
Prezidentdən sonra vitse-prezident də təxminən eyni mətnlə çıxış edərək and içib.
Beş il əvvəl keçirilən inauqurasiya mərasimindən fərqli olaraq, bu dəfə Prezident Coko Vidodo əlavə xərclərə yol verməmək məqsədilə hərbi parad və atların yürüşü də daxil olmaqla bütün təmtəraqlı tədbirləri ləğv edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio