DÜNYA
İndoneziya hökuməti “Boeing 737” təyyarəsinin qəzasının təfərrüatını açıqlayıb
Bakı, 5 noyabr, AZƏRTAC
İndoneziya hökuməti “Lion Air” aviakompaniyasının qəzaya uğrayan təyyarəsinin Yavan dənizinin səthinə çırpılması nəticəsində dağıldığı qənaətinə gəlib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə nəqliyyatda təhlükəsizliyin təmin olunması komitəsinin rəhbəri Soercanto Tacahono “Elshinta” radiostansiyasına müsahibəsində deyib. “Boeing 737 Max 8” suya çırpıldıqdan sonra parçalanıb, onun havada olarkən dağılmasını sübut edən heç bir iz aşkarlanmayıb”, - deyə Soercanto Tacahono bildirib.
Bir qədər əvvəl ekspertlər qəza anında təyyarənin sürətinin saatda min kilometrə çatdığı ehtimalını irəli sürüblər. Onların fikrincə, laynerin sürətinin çox olması onun hissələrinin böyük əraziyə yayılmasına səbəb olub.
Noyabrın 4-də mütəxəssislər qara qutudan “Boeing 737” laynerinin son 19 uçuşunun məlumatlarını yükləyib. Onların sözlərinə görə, sonuncu reysin qeydə alınması Cakarta aeroportundakı dayanacaqdan başlayır. Təyyarə havaya qalxdıqdan sonra cənub-şərqə istiqamətlənib. Sonuncu qeyd isə yerli vaxtla saat 06:31-də yazılıb. Xilasedicilər hazırda dənizin dibində azı bir metrlik torpaq çöküntüsünün atında qalmış səsyazan qurğunu (bu qurğu pilotların danışığını yazır) axtarırlar.
Xatırladaq ki, “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi oktyabrın 29-da havaya qalxdıqdan 13 dəqiqə sonra Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.