SİYASƏT
İndoneziyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub VİDEO
Pekin, 28 may, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyi 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, İndoneziya Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət qurumlarının nümayəndələri, diplomatlar, media təmsilçiləri iştirak ediblər. Qonaqlar əvvəlcə Azərbaycanın təbiət gözəlliklərini əks etdirən fotostendlə tanış olublar.
Hər iki ölkənin dövlət himni səsləndikdən sonra Azərbaycanın qədim tarixi-mədəni abidələrini, əsrarəngiz təbiətini, tarixi dərin köklərə bağlanan adət-ənənələrini, həmçinin ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlarını əks etdirən sənədli film nümayiş olunub.
Səfir Cəlal Mirzəyev 105 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq dünyəvi dəyərlərə söykənən demokratik və müstəqil dövlət - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını bildirib, qısa müddət ərzində qazanılan böyük nailiyyətlərdən danışıb. Qeyd edib ki, həmin dövrdə müstəqil dövlətin əsasları, ölkəmizin 70 il sonra yenidən müstəqilliyinin təməli qoyulub.
Diplomat 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın mürəkkəb daxili və xarici çağırışlarla üzləşdiyini, müasir Azərbaycan dövlətçiliyinin banisi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində təlatüm dövrünü arxada qoyaraq, inkişaf və tərəqqi yolu ilə irəlilədiyini bildirib. Ümummilli Liderin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə mövqelərinin günü-gündən möhkəmləndiyi vurğulanıb.
İki ölkə arasında əlaqələrə toxunan diplomat qeyd edib ki, Azərbaycan İndoneziya ilə ikitərəfli əlaqələrə xüsusi önəm verir və bu əlaqələrin bütün sahələrdə genişləndirilməsində və dərinləşməsində çox maraqlıdır. Möhkəm təməl üzərində qurulmuş Azərbaycan-İndoneziya münasibətləri bu gün də yüksək inkişaf dinamikası və nümunəviliyi ilə seçilir.
Səfir C.Mirzəyev ötən il iki ölkə arasında ticarət dövriyyəsinin bir milyard ABŞ dollarına yaxın olmasının ikitərəfli iqtisadi əməkdaşlığımızın səviyyəsini əyani şəkildə nümayiş etdirdiyini bildirib, son illər ölkələrimiz arasında imzalanmış bir sıra sazişlərin, o cümlədən Xarici İşlər nazirlikləri arasında mütəmadi olaraq aparılan siyasi məsləhətləşmələrin Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına müsbət töhfə verdiyini vurğulayıb.
Diplomat 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı İndoneziyanın göstərdiyi dəstəyin dostluq münasibətlərimizin bariz nümunəsi olduğunu deyib. O, işğal dövründəki dağıntıların keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını ləngitsə də, Prezident İlham Əliyevin əzmi və iradəsi, eləcə də Azərbaycan xalqının zəhmətsevərliyi sayəsində ölkəmizin bu çətinliyin də öhdəsindən gələcəyini qeyd edib.
İndoneziyanın nəqliyyat naziri Budi Karya Sumadi dövlətlərimiz arasında mövcud olan sıx və mehriban ikitərəfli münasibətlərə toxunaraq, bu əlaqələrin istər regional, istərsə də beynəlxalq təşkilatlar səviyyəsində arzuolunan müstəvidə inkişafından məmnunluğunu ifadə edib. İndoneziya-Azərbaycan əlaqələrinin bütün sahələr üzrə gələcək illərdə daha da inkişafına böyük ümid bəslədiyini qeyd edən qonaq, bunun üçün hər iki ölkənin bütün səylərini yönəldəcəyinə ümidvar olduğunu bildirib.
Tədbir “CNN İndoneziya” daxil olmaqla, bir çox yerli media orqanları tərəfindən geniş işıqlandırılıb.
Müstəqillik Günü münasibətilə İndoneziyanın ən hündür binası olan “Gama Towers” (285 metr) üzərində Azərbaycan bayrağının videoproyeksiyası nümayiş olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin