DÜNYA
İndoneziyada COVID-19-dan həyatını itirənlərin sayı 100 mini ötüb
Tokio, 5 avqust, AZƏRTAC
İndoneziyada koronavirus pandemiyası nəticəsində həyatını itirənlərin ümumi sayı 100 min nəfəri ötüb.
AZƏRTAC İndoneziya KİV-inə istinadla xəbər verir ki, iyuldan başlayaraq bu ölkədə koronavirusa yoluxanların sayı kəskin artıb.
İndoneziya hökumətinin yaydığı məlumata görə, ölkədə COVID-19-dan ölənlərin ümumi sayı 100 min 636 nəfər təşkil edib.
Qeyd edilir ki, yalnız iyulda virusun “delta” ştamının yayılması 35 mindən çox insanın həyatını itirməsinə səbəb olub. Son günlər virusa yoluxma sayı 30 min - 50 min arası dəyişir. Həyatını itirənlərin sutkalıq sayı da 1500 nəfəri ötüb.
Bildirilir ki, həyatını itirənlərin çoxu ev şəraitində müalicə aldığına görə, İndoneziya hökuməti həkimlər və tibb bacıları ilə təmin edilmiş müvəqqəti izolyasiya obyektlərinin tikintisini sürətləndirib.
Hökumət, həmçinin virusa yoluxanların xəstəxanalara yerləşdirilməsi məqsədilə hərbçilərin və polisin də gücündən istifadə edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio