DÜNYA
İndoneziyada müxalifətin etiraz aksiyalarına hazırlaşması səbəbindən vəziyyət gərginləşə bilər
Tokio, 20 may, AZƏRTAC
İndoneziyada müxalifətin etiraz aksiyalarına hazırlaşması səbəbindən vəziyyət gərginləşə bilər.
AZƏRTAC “The Straits Times” qəzetinə istinadla xəbər verir ki, prezident seçkilərinin nəticələrinin mayın 22-də gözlənilən elanından sonra etiraz etmək üçün müxalifətin tərəfdarları ölkənin müxtəlif şəhərlərindən Cakartaya toplaşmaqda davam edirlər. Bunun “İslamın müdafiəsi hərəkatı 212” təşkilatı tərəfindən idarə edildiyi bildirilir. Həmin təşkilat mayın 22-nə planlaşdırılan aksiyaları “konstitusiya cihadı” adlandırır.
Bununla yanaşı, qəzet qeyd edir ki, müxalifətin lideri olan Prabovo Subiantonun qərargahı bu məlumatı təksib edərək onların liderinin etirazlara rəhəbərlik etməyəcəyini bildirib.
İndoneziya polisi isə terror təhlükəsi barədə xəbərdarlıq edərək, kütləvi etirazlardan çəkinməyə çağırıb. Bu ayın əvvəlindən ölkədə 29 nəfərin, o cümlədən seçkilər zamanı terror aktı hazırlayan bir neçə şəxsin həbs edildiyini bildirilib.
Xatrıladaq ki, İndoneziyada ümumi seçkilər aprelin 17-də keçirilib. Seçicilər ölkə prezidentini, parlamentin iki palatasının deputatlarını, həmçinin yerli qanunvericiləri seçiblər. Ümumilikdə seçkilərdə 20 min yer uğrunda təqribən 240 min namizəd mübarizə aparıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio