DÜNYA
İndoneziyada torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 30-u keçib
Tokio, 7 yanvar, AZƏRTAC
İndoneziyanın qərbində ötən həftə baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Bundan əvvəl 15 nəfərin həlak olduğu və 20 nəfərin itkin düşdüyü bildirilmişdi.
Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsinin nümayəndəsi Sutopo Purvo Nuqroho bildirib ki, itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işləri daha da sürətləndirilib.
Əlavə olaraq qeyd edilir ki, təbii fəlakətin ziyan vurduğu 100 nəfərin 64-ü təhlükəsiz şəraitdədir, 31 nəfər həlak olub və 3 nəfər yaralanıb. İki nəfərin hələ də tapılmadığı bildirilir.
Xatırladaq ki, Qərbi Yava əyalətində torpaq sürüşməsi dekabrın 31-də baş verib. Nəticədə 34 ev torpaq altında qalıb. Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsinin məlumatına görə, torpaq sürüşməsi güclü yağışlar nəticəsində baş verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio