ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında bir sıra vacib məsələlərlə bağlı müzakirələr aparılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında danışıb. Akademik iclasda institutun struktur bölmələrinin 2022-ci il üzrə hesabatlarının keçirilməsinə hazırlıq, tapşırıqların icra vəziyyəti, magistratura, doktorantura və dissertanturaya qəbulun nəticələri, institutun elmi-təşkilati fəaliyyətinin gücləndirilməsi və qrant layihələrində iştirak, eləcə də digər məsələlər ətrafında müzakirələrin aparılacağını diqqətə çatdırıb.
Daha sonra iclasda institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub. Tapşırıqlara əsasən, şöbələrdə müxtəlif problemlərə həsr olunmuş məqalələrin nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyətinə dair fikir mübadiləsi aparılıb.
Akademik R.Əliquliyev Azərbaycanda elmin inkişafının dövlət siyasətinin prioritetlərindən olduğunu bildirərək, son zamanlar ölkəmizdə elm sahəsində həyata keçirilən məqsədyönlü islahatların elmi-nəzəri fəaliyyətin gücləndirilməsini daha da zəruri etdiyini bildirib. Akademik ölkə rəhbərliyinin elmimizin inkişafı ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün institutda keçirilən tədbirlərdən bəhs edib. Bununla əlaqədar aktual problemlərin aşkarlanması, dərin elmi araşdırmaların aparılması və əldə olunan nəticələrin dünyanın nüfuzlu jurnallarında çap olunmasının institut qarşısına mühüm vəzifə kimi qoyulduğunu diqqətə çatdırıb. İnstitutun baş direktoru şöbələrin fəaliyyətinin daha səmərəli, elmi əsaslarla təşkilinin vacib məsələlərdən olduğunu qeyd edib.
R.Əliquliyev institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, uğurlu elmi nəticələrin əldə olunması üçün dünyanın nüfuzlu beynəlxalq bazalarından istifadə və institutun qlobal elmi mühitə inteqrasiyası istiqamətində aparılan işlərin sürətləndirilməsinin vacibliyindən danışıb. İnstitut əməkdaşlarının fəaliyyətinin elmmetrik göstəricilər əsasında qiymətləndirilməsinin əhəmiyyətindən bəhs edən akademik mütəmadi olaraq hər bir şöbə üzrə icra və əmək intizamına daha ciddi riayət edilməsini tövsiyə edib.
Elmi şuranın iclasında, həmçinin ali təhsil müəssisələri ilə bağlanmış əməkdaşlıq müqavilələri, institut əməkdaşlarının iştirak etdiyi və nəzərdə tutulan ezamiyyətlər, Avropa Komissiyasının “Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramı, institutda ictimaiyyətlə əlaqələr üzrə işlərin təşkili, institutun yeni atributlarının hazırlanması, 2022-ci ildə fəlsəfə və elmlər doktoru elmi dərəcəsini almış əməkdaşlar və digər məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.