ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı çıxışından irəli gələn vəzifələr müzakirə olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev bu məsələnin AMEA Rəyasət Heyətində müzakirə olunduğunu, institut və təşkilatlara bir sıra tapşırıqların verildiyini deyib.

Akademik hazırda dünyada bütün nailiyyətlərin, dövlətlərin iqtisadi və hərbi gücünün kökündə elm və texnologiyanın dayandığını, bu istiqamətdə müəyyən baxış, konsepsiya və proqramların qəbul olunduğunu diqqətə çatdırıb.

İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısının əhəmiyyətindən danışan alim, tədbirin islam ölkələrinin bir-birilə inteqrasiya olunması, ortaq layihələrdə iştirak və müvafiq sahədə elmi bilik və təcrübələrin bölüşdürülməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb. Azərbaycanın dünyanın müxtəlif nüfuzlu təşkilatlarına üzv olduğunu, türk dünyası ölkələri ilə münasibətlərinin günü-gündən genişləndiyini deyib.

R.Əliquliyev vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması, Prezident İlham Əliyevin 2019-cu ildən indiyədək bu təşkilata sədrlik etməsi dövlətimizin xarici siyasətinin uğurlu nəticələrindən biridir. Qarabağın işğaldan azad edilməsi Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir.

Alim Azərbaycanın milli maraqlar çərçivəsində atdığı addımların onun ümumilikdə dünya dövlətləri ilə qarşılıqlı əlaqələrini möhkəmləndirdiyini, eləcə də Şərq tərəfdaşlığı çərçivəsində ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının daha da dərinləşdiyini diqqətə çatdırıb.

Sonra institut direktoru Azərbaycan Prezidentinin İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə ikinci Zirvə toplantısındakı dərin məzmunlu çıxışı ilə bağlı fikirlərini bölüşərək deyib: “Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən nümayiş etdirilən qətiyyətli mövqeyi yüksək qiymətləndirir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir”.

Zirvə toplantısında Prezidentin elm və texnologiyaların inkişafı üzrə mühüm təkliflər irəli sürdüyünü deyən akademik Rasim Əliquliyev dövlətimizin başçısının bu fikirlərini də xatırladıb: “Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaq”.

R.Əliquliyev qeyd edib ki, Azərbaycanın kosmik dövlət olması həm onun geopolitik vəziyyətini yaxşılaşdırır, dünya ölkələri arasında mövqeyini möhkəmləndirir, həm də hərbi qüdrətini gücləndirir.

2022-ci ildə Bakıda keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresi barədə məlumat verən akademik, bu tədbirin təşkilinin ölkəmizə həvalə edilməsinin Azərbaycan dövlətinin siyasəti və kosmik sənayeyə verilən yüksək qiymətin göstəricisi olduğunu söyləyib. Alim, həmçinin deyib: “Big data və kosmik tədqiqatlar, kiberfiziki sistemlərlə kosmik texnologiyaların konvergensiyası və s. istiqamətlərdə tədqiqatların aparılması zəruridir və institutun alimləri bu işə öz töhfələrini verməlidirlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.