ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları institutunda bu il 151 elmi əsər nəşr olunub

Bakı, 21 sentyabr, AZƏRTAC

Əsas məqsədimiz AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi potensialının daha da inkişaf etdirilməsidir. Keyfiyyətli elmi məqalələrin hazırlanması, onların yüksək istinad indeksli jurnallarda, beynəlxalq bazalarda dərc olunması, biliklərin ötürülməsi, eləcə də gənclərin elmi fəaliyyətə cəlb edilməsi institut qarşısında duran vəzifələrdəndir.

Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun elmi şurasının növbəti iclasında çıxışı zamanı səsləndirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik rəhbərlik etdiyi qurumun 2019-cu ilin I yarısı üçün gördüyü işlər haqqında məlumat verib. O, 6 ay ərzində elmi-innovasiya və elmi-təşkilati fəaliyyət, beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlər, aparılmış elmi tədqiqatlar, eləcə də digər tədbirlərdən söz açıb.

Rasim Əliquliyev bildirib ki, 2019-cu ilin birinci yarımilində institutda Big Data analitikası və verilənlərin intellektual analizi texnologiyaları, informasiya təhlükəsizliyi, kiberfiziki sistemlərin tədqiqi, bulud texnologiyaları, elektron dövlət, elektron elm və elektron təhsilin formalaşması problemləri, proqram mühəndisliyinin elmi-nəzəri problemləri, süni intellekt və sosioinformasiya texnologiyaları, elektron təhsilin elmi-nəzəri problemləri və digər prioritet istiqamətlərdə araşdırmalar aparılıb.

Altı ay ərzində institut əməkdaşları tərəfindən dərc olunmuş məqalələr haqqında məlumat verən alim bildirib ki, bu müddətdə xaricdə və respublikada ümumilikdə 151 elmi əsər nəşr olunub.

AMEA-nın vitse-prezidenti rəhbərlik etdiyi qurumda beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülmüş işlərdən də söz açıb. Onun sözlərinə görə, institutda müxtəlif beynəlxalq qurumlar və assosiasiyalarla əməkdaşlıq əlaqələri qurulub, regional telekommunikasiya şəbəkəsi yaradılıb, ölkəmizdə və xaricdə beynəlxalq konfranslar, təlimlər təşkil olunub, institut əməkdaşları xarici alimlərlə birgə elmi tədqiqatlar aparıblar.

Rəhbərlik etdiyi qurumun informasiya texnologiyaları sahəsində mövcud problemlərin dərindən araşdırılması ilə məşğul olan əsas elmi qurumlardan biri olduğunu söyləyən akademik institutda formalaşmış intellektual potensialın kommersiya məqsədilə istifadə olunması üçün imkanların yaradılmasının vacibliyindən danışıb. Alim, həmçinin bütün əməkdaşların, o cümlədən gənc kadrların respublika və beynəlxalq səviyyəli konfranslarda iştirakının zəruriliyini vurğulayıb.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.