İQTİSADİYYAT
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) AZƏRTAC-a bildirilib ki, informasiya-kommunikasiya texnologiyaları sektorunun rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışını asanlaşdırmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən göstərilən dəstək sayəsində son illər Azərbaycanın startap ekosistemi inkişaf edir və artıq qlobal bazara çıxa biləcək layihələr formalaşır.
NRYTN-in tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu startap layihələrinə növbəti qrant ayırıb. Belə ki, fond tərəfindən keçirilən növbəti qrant müsabiqəsinin qalibləri müəyyənləşdirilib. Fondun Müşahidə Şurasının növbəti iclasında 2017-ci il aprelin 10-da elan edilən qrant müsabiqəsində kompleks ekspertiza mərhələsində müsbət rəy almış startap layihələrlə bağlı yekun qərar verilib.
Qeyd edək ki, sayca beşinci olan bu qrant müsabiqəsinə ümumilikdə 172 layihə təqdim olunub. Bu layihələrdən 150-si ilkin ekspertiza mərhələsini uğurla keçərək kompleks ekspertizaya təqdim olunub. Həmin mərhələdə 71 layihə müsbət rəy alıb.
Müşahidə Şurası üzvlərinin səsverməsi nəticəsində 71 startap layihəsindən sonda 21-nin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 21 layihəyə ümumilikdə 242 min manat qrant vəsaiti ayrılıb.
Qrant müsabiqəsinin qalibləri və ayrılan qrant məbləğləri ilə http://mincom.gov.az/media/xeberler/details/12497 linkində tanış olmaq mümkündür.
Məlumat üçün bildirilir ki, ilk 3 müsabiqənin qalibi olmuş 62 layihənin hamısının, 4-cü müsabiqənin qalibi olmuş 29 layihənin isə 18-nin icrası yekunlaşdırılıb. Qalan layihələr üzrə işlər davam etdirilir.