ELM VƏ TƏHSİL
İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsasları işlənilib
Bakı, 28 iyun, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutu dissertasiya şurasının onlayn iclasında Zərifə Cəbrayılova “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsaslarının işlənməsi” mövzusunda tədqiqat işini təqdim edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, dissertasiya işinin məqsədi elektron dövlətin insan resurslarının idarə olunması infrastrukturunda qərarların qəbulunun intellektual dəstəklənməsi üçün model, metod və instrumental vasitələrin işlənilməsindən ibarətdir.
İddiaçı əldə edilmiş yeniliklər və onların elmi-praktiki əhəmiyyətindən söz açıb. O, qoyulmuş məsələlərin həlli üçün qeyri-səlis çoxluqlar nəzəriyyəsi, qərarların qəbul olunması nəzəriyyəsi, qeyri-səlis zaman sıraları, çoxkriteriyalı seçim və ranqlaşdırma metodları, iyerarxik analiz metodu, situasiyaların analizi, qeyri-səlis obrazların tanınması metodlarının istifadə edildiyini bildirib. Zərifə Cəbrayılovanın sözlərinə görə, dissertasiya işində alınmış nəticələr insan resurslarının idarə olunması infrastrukturunun qərarlarının qəbulunun intellektual dəstəklənməsi sistemlərinin yaradılması və tətbiqinə yönəldilib.
Sonra çıxış edən İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev sivilizasiyanın inkişafında insan resurslarının ən qiymətli resurs olduğunu bildirib. O qeyd edib ki, bu gün inkişaf etmiş ölkələrin iqtisadi və intellektual potensialı təbii resurslarla deyil, məhz keyfiyyətli insan resurslarının formalaşması ilə müəyyənləşir. Cəmiyyətdə innovativ mühitin formalaşması, qabaqcıl texnologiyaların tətbiqi, iqtisadiyyatın inkişafı, sosial rifahın yüksəldilməsi və s. kimi məsələlərlə yanaşı, yüksəkkeyfiyyətli insan resurslarının formalaşdırılması dövlət siyasətinin ən mühüm prioritetlərindəndir. Bu səbəbdən institutda da bu kimi problemlərlə bağlı müxtəlif istiqamətlər üzrə əsaslı tədqiqatlar aparılır.
Alim, iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu və elmi yeniliyə malik olduğunu bildirib. Dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, beynəlxalq təcrübənin öyrənildiyini, mühüm elmi nəticələrin əldə olunduğunu, problemin həlli üçün yeni yanaşmaların ortaya qoyulduğunu nəzərə çatdırıb.