ELM VƏ TƏHSİL
İnformasiya texnologiyaları üzrə terminlərin araşdırılması böyük aktuallıq kəsb edir
Bakı, 2 iyul, AZƏRTAC
Müasir dövrdə informasiya texnologiyaları üzrə terminologiya mövzusunda araşdırmalar böyük aktuallıq kəsb edir. Bu sahədə intensiv tədqiqatların aparılması zəruridir.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev yarımillik hesabat yığıncağında bildirib.
Yığıncaqda informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərin araşdırılması və effektiv metodların işlənməsi istiqaməti və informasiya texnologiyaları üzrə terminologiya məsələlərinin araşdırılması mövzusu üzrə görülən işlər haqqında məlumat verilib.
Qeyd olunub ki, ötən altı ayda elektron terminoqraqfiyanın müasir vəziyyəti, elmi-nəzəri problemləri və onun həlli yolları araşdırılıb. İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlər jurnal, konfrans materialları ilə yanaşı, həm də elektron kitabxanalardan əldə edilib. Terminlər əlifba sırası ilə toplanıb və sistemləşdirilib, onların Azərbaycan, ingilis və rus dillərində tərcüməsi və izahlı təsnifatı verilib. Toplanmış 100-ə yaxın yeni terminin əksəriyyəti Big Data, bioinformatika və digər sahələri əhatə edir.