CƏMİYYƏT
İngilis iqtisadçısı: Qlobal istiləşmə ilə mübarizədə həlledici 20 il başlayır
Bakı, 13 aprel, AZƏRTAC
Tanınmış iqtisadçı, Böyük Britaniya parlamentinin üzvü Nikolas Stern Massaçusets Texnoloji Universitetinin tələbələrinə iqlim dəyişmələrinin yaratdığı təhlükələrdən danışıb və hökumətləri iqtisadiyyatda təcili yenidənqurmaya çağırıb. Onun sözlərinə görə, karbon qazı emissiyasının sıfra endirilməsi qlobal hədəf olmalıdır.
AZƏRTAC “MIT News” saytına istinadla xəbər verir ki, iqtisadçı qarşıda duran problemlərin ciddilik dərəcəsini müəyyən etmək üçün faktlara müraciət edib. Belə ki, karbon qazının atmosferdə konsentrasiyası milyonda 400 hissəyə çatıb. Bu cür hal Yer kürəsində 3 milyard il əvvəl - insanın yaranmasından sonra baş verib. Həmin vaxt okeanın səviyyəsi indikindən 10-20 metr yüksək olub və qlobal istiləşmə səbəbindən bu vəziyyət yenidən təkrar oluna bilər. Bunun baş verəcəyi təqdirdə Oksford sahilyanı şəhərə çevriləcək, cənubi Avropa isə səhralıq olacaq. Qızmar temperatur şəraitində yaşayan insanların sayı isə kəskin artaraq indiki 14 faizdən 37 faizə qalxacaq.
Bütün bu proqnozlar nə qədər kədərli olsa da, iqtisadçı Stern nikbinliyini qoruyur. O bildirib ki, indi qanunvericilər davamlı iqtisadi artımın sıfır emissiyalı texnologiyalarla vəhdətinə daha skeptik yanaşırlar. Eyni zamanda, cəmiyyətin hazırkı formasını qoruyub saxlaması üçün sıfır həcmdə tullantılar hədəfinə yaxın onilliklər ərzində nail olmaq lazımdır.
Stern vurğulayıb ki, istehsalatda və enerji istehlakında uğurlu transformasiya qlobal iqtisadi artıma gətirib çıxaracaq. İqtisadçı tələbələrə müraciətlə deyib: “Növbəti 20 il tamamilə həlledici olacaq. Bu illər sizin yaşıdlarınızın gələcəyini müəyyən edəcək. Bu problemin miqyasını kiçiltmək olmaz”.
Dünya Meteorologiya Təşkilatının məlumatına görə, artıq iqlim dəyişikliyi 62 milyon insanın həyatına təsir edib. Həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələrin sakinləri təbii fəlakətlərin və anomal istilərin qurbanına çevrilirlər.