İQTİSADİYYAT
İnkişafda olan Asiya ölkələrində iqtisadi artımın davam edəcəyi proqnozlaşdırılır
Bakı, 1 aprel (AZƏRTAC). Asiya İnkişaf Bankı (AİB) aprelin 1-də “Asiya İnkişafına Baxış-2014” adlı əsas illik hesabatını dərc etmişdir. Hesabatda deyilir ki, 2014-cü ildə inkişafda olan Asiya ölkələrində iqtisadi artımın yüksəlməsi davam edəcəkdir. Bu, Çin Xalq Respublikasının iqtisadı artım tempinin azalması və canlanmaqda olan iqtisadiyyatların tələbatının azalması fonunda baş verəcəkdir.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, AİB-in əsas illik hesabatında inkişafda olan Asiya ölkələrində bu il ÜDM-in artımının 6,2 faiz, 2015-ci ildə isə 6,4 faiz olacağı proqnozlaşdırılır. Qeyd olunur ki, 2013-cü ildə regionun iqtisadi artımı 6,1 faiz təşkil etmişdir.
AİB-in prezidenti Takehiko Nakao hesab edir ki, inkişafda olan Asiya iqtisadiyyatları çətin qlobal iqtisadi şəraitdə müvəffəqiyyətlə irəliləməyə davam edirlər və yaxın iki ildə davamlı iqtisadi artım əldə etmək iqtidarındadırlar. “Yaxın keçmişlə müqayisədə iqtisadi artım tempinə təsir edə biləcək maneələr zəifləmişdir və siyasətçilər onların öhdəsindən gələ bilərlər. Region ölkələri düzgün makroiqtisadı siyasətin və struktur islahatlarının aparılmasına davam etməlidirlər” – deyə T.Nakao bildirmişdir.
Azərbaycanla bağlı proqnozların da yer aldığı əsas illik hesabatda daha sonra deyilir ki, Orta Asiyada ən böyük iqtisadiyyatın dövlət xərclərini artırması fonunda region ölkələri iqtisadi artım tempini qoruyub saxlaya biləcəklər. Alt-regionun ÜDM-nin təxminən yarısını təşkil edən Qazaxıstanın gözlənilməyən güclü iqtisadi performansı, Azərbaycan və Qırğızıstan respublikalarında müşahidə olunan ciddi artım ümumən alt-regiona öz müsbət təsirini göstərmiş, 2013-cü ildə 6,5 faiz təşkil etmişdir. Sənəddə, həmçinin Ukraynada baş verən proseslərdən irəli gələn risklərə baxmayaraq, alt-regionun bu artım tempini 2015-ci ildə də qoruyub saxlayacağı bildirilir.