REGİONLAR
İnşa olunan Sutəmizləyici Qurğular Kompleksi 13 mindən çox sakini keyfiyyətli su ilə təmin edəcək
Ordubad, 29 sentyabr, AZƏRTAC
Muxtar respublikada rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində görülən işlərin davamı olaraq Ordubad rayonunun Şəhriyar qəsəbəsində Sutəmizləyici Qurğular Kompleksinin inşası davam edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 13 mindən çox Ordubad şəhər sakinlərini keyfiyyətli su ilə təmin edəcək qurğu gün ərzində 11 min kubmetr sutəmizləmə gücünə malikdir.
Bundan başqa, Kəngərli və Sədərək rayonlarında, ümumilikdə, ümumi tutumu 40 min kubmetr olan 8 su anbarının, Babək rayonunun Nehrəm qəsəbəsində, Araz kəndində, Kəngərli rayonunun Qarabağlar və Qabıllı kəndlərində, Şərur rayonunun Sərxanlı kəndində və Sədərək rayonunda su və kanalizasiya xətlərinin tikintisi davam etdirilir.
Qeyd edək ki, “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində muxtar respublikada ardıcıl işlər görülüb. Layihə çərçivəsində muxtar respublikanın rayonlarında, ümumilikdə, 1017 kilometr içməli su, 530 kilometr kanalizasiya xətti çəkilib, 18 min 131 su və kanalizasiya bağlantısı aparılıb. Ümumi tutumu 77 min 500 kubmetr olan 15 su anbarı tikilib, 39 subartezian quyusu qazılıb. Muxtar respublikanın iqlim şəraitinin və relyefinin nəzərə alınması, keyfiyyətə xüsusi diqqət yetirilməsi qurulan yeni içməli su və kanalizasiya sistemlərinin uzun müddət istismarına imkan verəcək.