REGİONLAR
İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib
Sumqayıt, 11 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprelin 11-də Sumqayıt Dövlət Universitetində (SDU) Prezidentin Sərəncamı ilə təsdiq edilmiş İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov tədbiri açaraq, ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Bildirilib ki, tədbirin məqsədi bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedurla və şərtlərlə tanış etməkdir. Prorektor Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini diqqətə çatdıraraq gəncləri hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq durmağa çağırıb.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Söhrab Orucov insan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu bildirərək, dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklə bağlı zəruri məlumatlar verib. Qeyd edilib ki, ölkəmiz insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bu cinayət növünə qarşı aparılan qətiyyətli mübarizə öz nəticələrini verməkdədir.
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva isə bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonra Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilən “Satılmış həyat” filmi nümayiş olunub, mövzu ətrafında müzakirələr aparılıb.
Sonda tədbir iştirakçılarına mövzuya dair bukletlər paylanılıb.