ELM VƏ TƏHSİL
İnsan coğrafiyasına dair konfransın materialları nəşr olunub
Bakı, 27 yanvar, AƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Rusiya İctimai Coğrafiyaçıları Assosiasiyasının “Azərbaycanda və Rusiyada insan coğrafiyası: XXI əsrdə inkişafın əsas yolları” adlı toplu nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda iki ölkənin ictimai coğrafiyaçılarının Bakıda keçirilmiş beynəlxalq konfransının materialları toplanıb. Xatırladaq ki, konfransda ictimai coğrafiya elminin (insan coğrafiyası) qarşısında duran vəzifələr, onların yerinə yetirilməsi vəziyyəti, elmi tədqiqatların prioritet istiqamətləri, həlli yolları müzakirə edilmişdi.
Kitabın baş redaktoru akademik Ramiz Məmmədov, elmi redaktoru coğrafiya üzrə elmlər doktoru Zakir Eminovdur. Redaksiya heyəti coğrafiya üzrə elmlər doktorları Hüseyn Xəlilov və Rənabəyim Qaşqay, coğrafiya üzrə fəlsəfə doktorları Mirnuh İsmayılov, İsmayıl Quliyev, dosentlər Nizami Əyyubov, Zaur İmrani və kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Ənvər Əliyevdən ibarətdir.
Toplu elmi işçilər, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün maraqlı olacaq.