SİYASƏT
İnsanlıq və müharibə cinayətləri törədən Ermənistan rəhbərliyi beynəlxalq ədalət məhkəməsində mühakimə olunmalıdır
İstanbul, 12 oktyabr, AZƏRTAC
Humanitar atəşkəs haqqında razılaşmanın əldə olunmasına baxmayaraq, Ermənistan çirkin əməllərindən hələ də əl çəkmir. Dinc əhalini hədəfə alaraq hücumlar həyata keçirən işğalçı Ermənistanı kəskin qınayırıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu bildirib.
Əldə olunan razılaşmanı növbəti dəfə pozan Ermənistan ordusunun hədəfində yenə də günahsız insanların olduğunu vurğulayan S.Qaraqoyunlu deyib: “Bu dəfə ermənilər Azərbaycanın qədim bölgələri olan Gəncə, Bərdə, Tərtər və Mingəçeviri hədəfə alırlar. Onlar dinc əhalinin yaşadığı ərazilərə gecə saatlarında raket hücumları edirlər və günahsız insanlar, o cümlədən uşaqlar, yaşlılar, qadınlar ölür. Gəncə hadisəsi mənə Xocalı soyqırımını xatırlatdı. Bu gün bu hadisənin təkrarlanmasının əsas və başlıca səbəbi məhz 1992-ci ildə Xocalıda soyqırımını törədənlərin hələ də cəzalandırılmamasıdır. Bu gün eyni düşüncə ilə Azərbaycanın Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə hücumlar edilir. Burada sual yaranır: Bəs atəşkəs istəyənlər, insan haqları müdafiəçiləri indi haradadırlar? ATƏT-in Minsk qrupu niyə səssiz qalır? Hər dəqiqə insanlıq və müharibə cinayətləri törədən Ermənistan rəhbərliyi və xüsusilə baş nazir Nikol Paşinyan beynəlxalq ədalət məhkəməsində mühakimə olunmalı, lazımi şəkildə cəzalandırılmalıdır. Hər cinayətkar öz cəzasını çəkməlidir”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul