CƏMİYYƏT
İntellektual bilik yarışlarının Bakı şəhəri üzrə seçim mərhələsinə start verilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan “Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində gənclər arasında intellektual yarışların oktyabrın 28-də Bakı şəhəri üzrə seçim mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında keçirilən yarışda paytaxt rayonlarını təmsil edən gənclər "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni tanı" intellektual oyunları üzrə biliklərini sınayırlar.
Qalib gələn komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
Layihənin keçirilməsində məqsəd gənclərin intellektual bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazalarının genişləndirilməsi və beynəlxalq intellektual rəqabətə davamlı gənclərin hazırlanmasıdır.
“Azərbaycanın İntellektual Birincisi” layihəsinin ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan final mərhələsi Bakıda keçiriləcək.