ELM VƏ TƏHSİL
İnternat məktəbində Beynəlxalq Əlillər Günü qeyd olunub
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir keçirilib.
Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Əməkdar mədəniyyət işçisi, mərhum tarzən Murtuz Mehdiyevin 75 illik yubileyi də qeyd edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, məktəbin direktoru İradə Vəzirova sağlamlıq imkanları məhdud şəxslərə dövlət tərəfindən lazımi diqqət və qayğı göstərildiyini söyləyib.
Qeyd olunub ki, internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir və uşaqların tam orta təhsilini həyata keçirir. Burada 30 sinif komplektində 307 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 34 nəfəri I qrup əlil olmaqla 97 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.
1980-ci ildə məktəbin şagirdlərinin musiqiyə olan həvəslərinin və xüsusi duyumlarının olduğunu nəzərə alaraq 38 nömrəli musiqi məktəbi yaradılıb və Murtuz Mehdiyev məktəbin direktoru təyin edilib.
İ.Vəzirova internatda təhsil alan sağlamlıq imkanları məhdud uşaqların həyatında bu məktəbin və Murtuz Mehdiyevin əvəzsiz rol oynadığını vurğulayıb. Bildirilib ki, hazırda musiqi məktəbində internat məktəbinin 150 şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, fortepiano, skripka üzrə siniflərdə təhsil alır.