ELM VƏ TƏHSİL
İnternat məktəbində “ilk zəng” çalınıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində 2018-2019-cu tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, ölkəmizdə bu sahəyə xüsusi önəm verildiyini bildirib.
Təhsilimizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışan nazir yeni tədris ilinin başlanması və “Bilik günü” münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.
C.Bayramov məktəblərdə təhsil üçün bütün lazımi şəraitin yaradıldığını vurğulayıb.
İnternat məktəbinin direktoru İradə Vəzirova rəhbərlik etdiyi təhsil ocağı haqqında məlumat verib. Qeyd olunub ki, məktəb 1936-cı ildən fəaliyyət göstərir və gözdən əlil şəxslərin tam orta təhsilini həyata keçirir. Təhsil müəssisəsində tam orta təhsil müddəti 12 ildir (Brayl əlifbasının öyrənilməsi ilə əlaqədar).
İnternat məktəbində 30 sinif komplektində 307 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onlardan 98-i qız, 209-u isə oğlandır. Məktəbə şagird qəbulu psixoloji-tibbi-pedaqoji komissiyanın müvafiq qərarı əsasında həyata keçirilir.
Müəssisənin ərazisində yerləşən və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən gözdən əlil və zəif görən uşaqlar üçün musiqi məktəbində təhsil ocağının 150 şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, fortepiano, skripka üzrə siniflərdə təhsil alır.
Son beş ildə internat məktəbinin məzunlarından 30-u ali, 23-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Məktəbin 2017-2018-ci il məzunlarından 10-u müxtəlif ali təhsil müəssisələrində (Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti və s) təhsil alır.
İnternat məktəbi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2006-cı ildə əsaslı təmir olunub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində yaradılmış mətbəədə Brayl əlifbasında və iri şriftlərlə dərslik və metodik vəsaitlər çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir.
Şagirdlər doğma Vətən, ana, məktəb haqqında şeirlər söyləyib, mahnılar oxuyublar.
Sonra məktəbdə yeni dərs ilinin başlandığını bildirən “ilk zəng” çalınıb.