İQTİSADİYYAT
“İnvestisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması” mövzusunda seminar keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində DB və IFC-nin Doing Business üzrə missiya üzvləri Roberto Eçandinin (özəl sektor üzrə aparıcı mütəxəssis), Gerlin Catanquinin (baş əməliyyat mütəxəssisi), Axtar Mahmudun (biznes tənzimlənməsi üzrə aparıcı mütəxəssis), Lili Begiaşvilinin (biznes tənzimlənməsi üzrə regional mütəxəssis) və İrina Kokayanın (tapşırıq qrupunun rəhbəri) təqdimatında “İnvestisiya mühiti, investisiyaların cəlb edilməsi və qorunması” mövzusunda seminar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir ərəfəsində diversifikasiya ilə bağlı çətinliklərin həll edilməsi, investisiya mühiti islahatlarına kompleksli yanaşma, investisiyaların cəlb edilməsi və qorunub saxlanılması, Dünya Bankı Qrupunun investisiya siyasəti və bu kimi digər mövzularda müzakirələr aparılıb.
Seminarda nazirliklərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin orta və kiçik sahibkarlar iştirak ediblər.
Beynəlxalq iqtisadi reytinqlərdə ölkə üzrə göstəricilərin yüksəldilməsi məqsədilə Doing Business Hesabatının yenilənməsi üzrə Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) biznes mühiti, investisiyaların cəlb edilməsi və qorunması üzrə missiyası sentyabrın 5-dən 9-na kimi Bakıda səfərdədir.