SİYASƏT
İordaniya KİV-ləri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı məlumatlar yayıb
Bakı, 21 oktyabr, AZƏRTAC
İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyi, eləcə də aparıcı “Əd-Dustur” qəzeti, www.orobanews.com , www.nayrouz.com , www.alqalahnews.net , www.watananews.net kimi yerli xəbər portalları 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar ölkəmizin səfirliyinin bəyanatını müxtəlif sərlövhələr altında yayıb.
Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda oxuculara 18 oktyabr tarixinin əhəmiyyəti barədə məlumat verilir. Diqqətə çatdırılır ki, müstəqil Azərbaycan Respublikası özünü 1918–1920-ci illərdə yaşamış və o zaman Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının varisi elan edib. Müstəqilliyin ilk illərində Azərbaycan böyük siyasi və iqtisadi çətinliklərlə üz-üzə qalıb. Bəyanatda ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizdə demokratik dəyişikliklər fonunda geniş siyasi və iqtisadi islahatlara start verildiyi bildirilir, Ümummilli Liderin başlatdığı bu islahatların və onun uzaqgörənliyinin nəticəsi olaraq, ölkəmizin parlaq gələcəyə doğru addım atmağa başladığı qeyd edilir. Azərbaycan xalqının Ümummilli Liderinin öz xalqının gələcəyi üçün gördüyü işlərə, eləcə də onun xarici siyasətinə nəzər salınır.
Bəyanatda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında misli görünməmiş dinamik inkişaf və iqtisadi tərəqqi yaşadığı bildirilir. Vurğulanır ki, dövlət başçısının rəhbərliyi ilə davam edən demokratik və iqtisadi islahatlar, yaxşı idarəçilik, bacarıqlı idarəetmə və aktiv xarici siyasət ölkəmizi regional liderə çevirib.
Bəyanatda, həmçinin Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP kimi enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki mühüm rolu qeyd edilir, nəqliyyat dəhlizləri sayəsində dövlətimizin Şərq və Qərb, Şimal və Cənub arasında birləşdirici halqa rolunu oynadığı diqqətə çatdırılır. Eyni zamanda, ölkəmizin bir sıra iqtisadi göstəriciləri barədə məlumatlar təqdim edilir. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilir. Bundan başqa, Azərbaycan-İordaniya əlaqələrinin qısa tarixçəsi barədə məlumat oxucuların diqqətinə çatdırılır.