CƏMİYYƏT


İordaniyada X Dünya İqtisadi Forumu keçirilib

Bakı, 8 aprel, AZƏRTAC

İordaniya Haşimilər Krallığının Ölü dənizin bölgəsində Yaxın Şərq və Şimali Afrikaya dair X Dünya İqtisadi Forumu keçirilib.

Azərbaycanın Ammandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, İordaniya Haşimilər Krallığının Kralı II Abdullanın himayəsi altında keçirilən forumda yüksək səviyyəli dövlət və hökumət başçıları, alimlər, vətəndaş cəmiyyətləri və aparıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

Forum çərçivəsində Yaxın Şərq və Şimali Afrika regionları ölkələrinin inkişafı, onların arasında əməkdaşlığın genişlənməsi, dövlət və özəl iqtisadi sektorlar arasında qarşılıqlı fəaliyyətin möhkəmlənməsi, əlverişli investisiya mühitinin yaradılması perspektivləri, habelə bu ölkələrin iqtisadiyyatlarının daha sıx inteqrasiya imkanlarının yaradılmasına imkan verən digər məsələlər müzakirə olunub.

Azərbaycanı forumda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təmsil edib.

Nazir regional əməkdaşlıq məsələlərinə həsr olunmuş sessiyada gündəmdə olan qlobal çağırışlar və davamlı inkişaf məsələləri ilə bağlı məruzə ilə çıxış edib.

Bununla yanaşı, nazir ölkəmizin də yerləşdiyi regionda mövcud ekoloji məsələlərə toxunaraq Ermənistan ərazisində yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının qonşu dövlətlərə yaratdığı təhlükə ehtimalından danışıb. O, həmçinin Azərbaycanın transsərhəd çaylarının Ermənistan tərəfindən çirkləndirilməsi barəsində konfrans iştirakçılarına məlumat verib.

Forum çərçivəsində M.Babayev əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Qazaxıstan Respublikasının xarici işlər naziri, Rumıniyanın xarici işlər nazirinin müavini, Almaniya Federativ Respublikasının Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə federal naziri, Türkiyənin Ətraf mühit və Şəhərsalma Naziri, eləcə də qabaqcıl korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı Prezident İlham Əliyevin Davos Forumunda fəal iştirakı və onun rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafının digər ölkələr üçün nümunə olduğu bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.