QAN YADDAŞI
İordaniyada Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycanın İordaniyadaki səfirliyi tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə ziyalılar, iş adamları və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Xocalı faciəsi zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
Ölkəmizin İordaniyadaki müvəqqəti işlər vəkili İlham Əliyev 26 il əvvəl işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı faciəsinin insanlığa qarşı cinayət və xalqımıza qarşı soyqırımı olduğunu deyib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc Xocalı sakininin vəhşiliklə qətlə yetirildiyi diqqətə çatdırılıb.
Diplomat XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, kəndlərin, şəhərlərin, dini, tarixi abidələrin, məktəblərin, məscidlərin, qəbiristanlıqların dağıdılması və yandırılması, bu təcavüzün hələ də davam etməsi barədə məlumat verib. Bildirib ki, Xocalı soyqırımı 1905-1907-ci, 1918-ci, 1948-1950-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri silsilə qırğınların davamıdır və bu qətliamlar işğalçı Ermənistanın irqçi və soyqırımı siyasətini əks etdirir, “böyük Ermənistan” kimi sərsəm bir ideyanın həyata keçirilməsinə xidmət göstərir.
Erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyini, bir milyondan artıq vətəndaşın doğma yurd-yuvalarından didərgin düşdüyünü qeyd edən İ.Əliyev Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pisləndiyini, işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasının tələb olunduğunu, lakin Ermənistanın öz işğalçılıq niyyətindən əl çəkmədiyini, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdiyi qətnamələrə əməl etmədiyini bildirib. Vurğulayıb ki, xalqımız öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək və münaqişə sülh yolu ilə həll olunmayacağı təqdirdə işğal altında olan bütün torpaqlarımız güc yolu ilə tezliklə azad ediləcək.
İ.Əliyev İordaniya Senatının Xocalı soyqırımının tanınması və qətiyyətlə pislənməsi barədə sənəd qəbul etdiyini, habelə BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla bağlı keçirilən səsvermələrdə İordaniya tərəfinin daim dost mövqe nümayiş etdirdiyini məmnunluqla vurğulayıb, Kral II Abdullaha, İordaniya xalqına və hökumətinə minnətdarlığını ifadə edib.
İordaniyalı tanınmış iş adamı Məhəmməd əl-Bağdadi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı cinayətlərinin planlı şəkildə həyata keçirildiyini bildirib və beynəlxalq ictimaiyyətin bu cinayətlərlə daha yaxından tanış olmasının zəruriliyini vurğulayıb.
Azərbaycan diasporunun nümayəndələri işğal edilmiş ərazilərdə ermənilərin özbaşınalığından danışıb, azərbaycanlılara qarşı törədilən cinayətin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
Rəsmi hissədən sonra tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılıb.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.
Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən hazırlanmış bəyanat “Arubə əxbar” internet səhifəsində dərc olunub. Bəyanatda işğal olunmuş Azərbaycan ərazilərində dinc əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər olduğu ətraflı şərh olunub.
Səfirliyin ərəb və ingilis dillərində hazırladığı press-relizlər İordaniyanın dövlət qurumlarına, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə göndərilib.