REGİONLAR


“İpək Yolu” festivalı çərçivəsində Emin Sabitoğlunun mahnıları səsləndirilib

Şəki, 28 iyun, Mustafa Dadaşov, AZƏRTAC

İyunun 28-də Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəki xan sarayının həyətində “Zirvə” instrumental ansamblı Xalq Artisti, bəstəkar Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı təqdim edib. Konsertin tamaşaçıları sırasında, həmçinin şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının nümayəndələri, festivalın qonaqları, musiqisevərlər olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdən əvvəl görkəmli bəstəkarın yaradıcılığından söz açılıb. Qeyd olunub ki, yüzlərlə mahnının müəllifi olan Emin Sabitoğlunun çox gözəl musiqi duyumu var idi. O, əsərlərini həm piano arxasında, həm də pianosuz bəstələyirdi.

Tədbirdə “Zirvə” instrumental ansamblı haqqında da məlumat verilib. Qeyd olunub ki, 1972-ci ildə Şəki şəhərindəki Mirzə Fətəli Axundzadə adına mərkəzi mədəniyyət evinin nəzdində yaradılmış bu ansambl respublikanın bir çox şəhər və rayonlarında, habelə keçmiş sovet respublikalarında konsertlər verib, nüfuzlu festivalların iştirakçısı olub. “Zirvə” ansamblı 1996-cı ildə Türkiyənin Eşmə şəhərində keçirilən “Sənət və kilim” festivalında ölkəmizi layiqincə təmsil edib. Ansambl öz ifaçılıq üslubu və mədəniyyəti ilə ümumxalq məhəbbəti qazanıb. Hazırda ansambla Şəkinin tanınmış musiqiçilərindən olan Eldar Rəcəbov rəhbərlik edir.

Daha sonra konsert proqramı təqdim edilib. Festivalın simvolunu kollektivə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar təqdim edib.

Festivalın proqramına uyğun olaraq, iyunun 28-də axşam “Marxal” istirahət kompleksinin Yay Teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.