ELM VƏ TƏHSİL
“İpək Yolu” jurnalının yeni nömrəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Universitetinin elmi jurnalı “İpək Yolu”nun 2018-ci il üçün birinci nömrəsi çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub. Jurnalın “AXC-100”, “İqtisad elmləri” və “Filologiya elmləri” bölmələrində Azərbaycan və rus dillərində məqalələr yerləşdirilib.
Nəşrin “AXC-100” bölməsində professor Anar İsgəndərovun “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və tariximizdə yeri”, professor Qabil Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin Qafqazda yaranmış digər respublikalarla qarşılıqlı münasibətləri (1918-1920-ci illər), Əməkdar Jurnalist Namiq Əhmədovun “Cümhuriyyət dövrü milli mətbuatımız və dövlətçilik”, tarix üzrə fəlsəfə doktoru Salman İbişovun “Azərbaycan xalqının milli mənəvi dəyərlərinin qorunması və mücadilə tarixinin aktual problemlərinə dair” məqalələri yer alıb.
Oxucular jurnalın “İqtisad elmləri” və “Filologiya elmləri” bölmələrində isə bu sahələri əhatə edən tədqiqatların nəticələri ilə bağlı məqalələrlə tanış ola bilərlər.
“İpək Yolu” jurnalının yeni nömrəsini online formada Azərbaycan Universitetinin saytında oxumaq mümkündür. Müəlliflər təlimata uyğun hazırlanmış məqalələri [email protected] elektron ünvanına göndərə bilərlər.