İQTİSADİYYAT
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşı Beynəlxalq Mübadilə Təqaüd Proqramında iştirak edib
Bakı, 26 iyun, AZƏRTAC
Şanxay Açıq Universitetinin nəzdində Beynəlxalq Mübadilə Təqaüd Proqramı başa çatıb.
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, iyunun 4-15-də təşkil edilən proqramın məqsədi xarici əməkdaşlıqda birgə iş imkanlarının genişləndirilməsi, yeni əlaqələrin qurulması, habelə təcrübə mübadiləsi, təlim-tədris platformasının genişləndirilməsindən ibarət olub.
İnstitutun direktor müavini Aynurə İsmayılova tədbirdə "Elmi mübadilənin dəstəklənməsi və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi" mövzusunda təqdimat edib, institutun fəaliyyəti, elmi kadrların hazırlanması yolu, mövcud təcrübə, mübadilə imkanları, birgə iş və əməkdaşlıq perspektivlərindən danışıb.
Proqram çərçivəsində iştirakçılar distant təlimdə müəllimlərin peşəkar bacarıqlarının artırılması, təlim mövzularının və proqramlarının hazırlanması, fiziki məhdudiyyətləri olanlar daxil olmaqla ömür boyu öyrənmə prosesində inklüziv təhsil, distant təlimdə keyfiyyətin təmin edilməsi məsələlərinə dair təqdimatlar dinləyib, birgə müzakirələr aparıblar.
Bununla yanaşı, iştirakçılar Şanxay Açıq Universitetinin nəzdində fəaliyyət göstərən Təhsil Resurs Mərkəzi, Elm və Texnologiya Məktəbi, İncəsənət Məktəbi, Müəllimlərin Təlimi, İqtisadiyyat və İdarəetmə Məktəbinin fəaliyyətlərinə dair ətraflı məlumat əldə ediblər.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.