İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni tədqiqata başlayır
Bakı, 7 noyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Avropa İttifaqının TAİEX proqramı çərçivəsində fiskal sektorda hüquqi, institusional və iqtisadi mövzuda tədqiqat layihəsinə başlayır.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Avropa İttifaqının bu məqsədlə ölkəmizə gələn ekspert qrupu ilə görüşüb. Müzakirələr zamanı bildirilib ki, missiya zamanı fiskal siyasətin müstəqil qiymətləndirilməsi aparılacaq. Dövlət Neft Fondunun transfertləri ilə yanaşı, fiskal siyasətin adekvatlığı baxımından büdcə prosesi təhlil ediləcək və təkmilləşdirmə imkanları müəyyən olunacaq.
Bundan əlavə, birinci missiya ərzində ekspert qrupu tərəfindən Avropanın qabaqcıl təcrübəsi barədə təqdimat keçiriləcək və birinci missiyanın yekunu olaraq əsas nəticələr, təkliflər haqqında hesabat veriləcək.
Mərhələli müzakirələr aparacaq missiyaya sədr Kristofer Vales və ekspertlər Janis Platais və Tamar Medulaşvili daxildir. Onlar dövlət və akademik dairələrin nümayəndələri ilə görüşlər keçirəcəklər.
İİKTM-də aparılan müzakirələr zamanı Azərbaycanda fiskal dayanıqlılıq yüksək qiymətləndirilib.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.