İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin meneceri Parisdə Azərbaycanın biznes mühitindən danışıb
Bakı, 4 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Parisdə “Şərq Tərəfdaşlığı” ölkələrinin iştirakı ilə keçirilən “Avropada Kiçik Biznes Aktının Qiymətləndirmə Hesabatı-2020” regional tədbirində ölkəmizi təmsil edib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, V.Cəfərova “Kiçik Biznes Aktının” 10 prinsipi üzrə keçirilən sessiyalarda Azərbaycanda həyata keçirilən islahatlar, biznes mühitinin əlverişliliyinin artırılması üzrə hədəf indikatorları, strateji prioritetlər və görülən işlərin monitorinqinin nəticələri barədə danışıb. O, Azərbaycanın “Doing Business” hesabatında dünyada “ən islahatçı” ölkə statusunu qazanması təcrübəsi və kiçik və orta sahibkarlıq (KOS) siyasəti üzrə ölkədə institusional çərçivə, əməliyyat mühiti və sahibkarlığın inkişafına dövlət dəstəyi, biznesin inkişafı xidmətləri, dövlət-özəl dialoqu və innovasiya siyasəti barədə digər ölkələrdən olan nümayəndə heyətlərini məlumatlandırıb.
Tədbir çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Təlim Fondunun nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib və hesabatın son layihəsinin hazırlanması üzrə ayrı-ayrılıqda işçi müzakirələr aparılıb.
Avropada Kiçik Biznes Aktının Qiymətləndirmə Hesabatında ölkələrin KOS siyasəti üzrə İndeksi (SME Policy Index) təqdim olunur və Avropa Komissiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa Təlim Fondunun birgə təşəbbüsü ilə 2006-cı ildən etibarən 4 region üzrə 32 ölkəni əhatə edir.