ELM VƏ TƏHSİL
İqtisadi araşdırma: kriptovalyutaların maliyyə bazarlarına və qlobal ticarətə təsiri
Bakı, 30 noyabr, AZƏRTAC
Dünya ölkələrində kriptovalyuta fenomeninin daha əvvəllər gündəmə gəlməsinə və önəmli bir ticarət obyektinə çevrilməsinə baxmayaraq, Azərbaycanda bu məsələ son bir neçə ildə aktuallaşmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Bohum Ruhr Universitetinin beynəlxalq inkişaf elmləri üzrə fəlsəfə doktoru Elxan Sadıxzadə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Kriptovalyutaların maliyyə bazarlarına və qlobal ticarətə təsiri” mövzusunda keçirilən onlayn seminarda məlumat verib.
Kriptovalyutanın yalnız onlayn şəkildə mövcud olan blokçeyn texnologiyasına əsaslanan bir sistem olduğunu vurğulayan məruzəçi e-ticarət sektorunun ən böyük problemlərindən birinin ödəniş üsullarında təhlükəsizlik məsələsi olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, kriptoaktivlərin əsasən blokçeyn texnologiyası ilə yaradıldığını nəzərə alsaq, onlar kiberhücumlara qarşı daha davamlıdır. Məruzəçi bəzi ölkələrdə bitkoin ticarətinə və bitkoin ilə əməliyyatlara icazə versə də, bəzi ölkələrdə bu çox sərt qaydalarla qadağan edildiyini və ya məhdudlaşdırıldığını deyib.
UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışıb. Universitetdə bu istiqamətdə fəaliyyət göstərən tədqiqat mərkəzində araşdırmaların aparıldığını diqqətə çatdıran R.Hüseynova əldə olunan nəticələrin ictimaiyyətə açıqlandığını vurğulayıb.