ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda seminar: COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri
Bakı, 2 fevral, AZƏRTAC
İqtisadiyyat İnstitutunda “COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli əsas müzakirə mövzusu barədə məlumat verib.
Seminarda institutun aparıcı elmi işçisi Tanrıverdi Paşanın “COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri” mövzusunda məruzəsi dinlənilib. Tədqiqatçı koronavirus pandemiyasının yaratdığı böhranın başlıca xüsusiyyətləri, səbəbləri və dünya iqtisadiyyatına təsirlərindən bəhs edib. Onun yaradacağı yeni reallıqlar, dünyanın aparıcı ölkələrində iqtisadiyyatın bərpa imkanları, antiböhran tədbirləri, ölkəmizdə pandemiya ilə bağlı vəziyyət, 2021-ci ildə dünya iqtisadiyyatında əsas gözləntilər barədə danışıb.
Sonda məruzəçi sualları cavablandırıb, mövzu ətrafında maraqlı müzakirələr aparılıb.