İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi Pakistan və Əfqanıstana ixrac missiyalarının təşkilini elan edib
Bakı, 6 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi Pakistan İslam Respublikasına və Əfqanıstan İslam Respublikasına ixrac missiyalarının təşkilini elan edib. İxracatçılar ixrac missiyalarında iştirak etmək üçün nazirliyə müraciət edə bilərlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ixrac missiyaları Pakistana gələn il fevralın 5-8-də, Əfqanıstana isə fevralın 9-11-də baş tutacaq.
İxrac missiyaları meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, pambıq, kimya və digər sənaye məhsullarını əhatə edir. İxrac missiyalarında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək.
Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). Ünvan: Bakı Biznes Mərkəzi, Neftçilər prospekti, 32, Bakı, AZ1000. Elektron poçt ünvanı: [email protected]. Əlaqə telefonu: +99412 5980147/48.
Müsabiqə İqtisadiyyat Nazirliyinin kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında gələn il yanvarın 12-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının məhsulları üzrə istehsal potensialı–10 bal, məhsulların hədəf ölkəyə ixrac potensialı-10 bal, sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə–5 bal). Meyarların cəmi üzrə keçid balı minimum 20 baldır.
İxrac missiyalarında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə, sahibkarın istehsal potensialı, əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar.
Sənədlər AZPROMO-ya dekabrın 28-dək təqdim olunmalıdır.
Əlavə məlumat əldə etmək üçün elektron poçt ünvanı ([email protected]) və AZPROMO-da əlaqələndirici şəxs Fuad Cəfərova (tel: +99412 5980147/48 (daxili 141) müraciət etmək olar.