İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyi: Şənlik mərasimlərinin 150 nəfərdən çox qonaqla keçirilməsi qadağandır

Bakı, 26 iyul, AZƏRTAC

Aidiyyəti qurumların nümayəndələri tərəfindən bu günədək 1100-dən çox obyektdə şənlik mərasimləri keçirilərkən qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti monitorinqlər zamanı tədbirə qatılanların COVID-19 pasportunun olmaması, tədbir barədə məlumatların portala düzgün daxil edilməməsi, şadlıq sarayının sahibi ilə məclis sahibi arasında imzalanan iltizamnamənin tələblərinə əməl olunmaması, toy keçirilən məkanlarda qonaqların sıxlığı və masalararası məsafənin az olması, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin edilməməsi və sair kimi pozuntular qeydə alınıb. Maarifləndirmə tədbirlərinə başlandığı gündən indiyədək monitorinq aparılan şənlik mərasimlərində iştirak edən 137 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində (15 min nəfərə yaxın) nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 600 nəfərdən çoxunun müvafiq tələblərə əməl etmədiyi müəyyən olunub.

Eyni zamanda, monitorinqlər zamanı toy və məkan sahiblərinin aidiyyəti dövlət qurumlarına düzgün məlumat verməmək cəhdlərinə də rast gəlinib. Belə ki, bəzi məkanlarda toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonağın iştirakına şərait yaradılması halları müəyyən edilib. Şənlik mərasimlərinin eyni məkanda müxtəlif zallar arasında bölünməklə həyata keçirilməsi isə tələblərin pozulmasıdır. Belə ki, qaydalara əsasən, 150 nəfərdən çox iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi qadağandır. Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və nöqsanlar aradan qaldırılıb. Monitorinq qrupları nümunəvi toy mərasimi təşkil edilən məkanlarda yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

Şənlik mərasimləri təşkil edən vergiödəyicilərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, məkan sahibləri şənlik məclisləri barədə icaze.gov.az portalında müvafiq qeydiyyat aparmalı, zalların ölçüsünə, qonaq tutumuna, iştirakçıların müvafiq sənədlərə malik olmasına diqqət yetirməlidirlər. Belə mərasimlərin portala daxil edilmədən təşkili, həmçinin toyların bir neçə zal arasında bölünməsi yolu ilə daha çox sayda qonaqların iştirakına şərait yaradılması halları müəyyən edilərsə, həmin məkanların sahiblərinə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.