DÜNYA
İran ABŞ-ın sanksiyaları ilə əlaqədar gələn il üzrə büdcəsində neft gəlirlərinin payını azaldıb
Bakı, 27 dekabr, AZƏRTAC
ABŞ-ın sanksiyalarına məruz qalan İran gələn il üzrə büdcəsində neft gəlirlərinin payını azaldıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İran gələnilki büdcəsində neft gəlirlərinin payını 28 faiz azaldaraq 21 milyard dollara endirib.
Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunacaq.
ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb. Sanksiyalar İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.