SİYASƏT
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 26-da İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər qoyulub.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb. Nümayəndə heyətinin üzvləri “Əbədi məşəl” abidəsinin önünə də gül dəstələri qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.