DÜNYA
İranda Təbriz üsyanının ildönümü qeyd olunur
Tehran, 17 fevral, AZƏRTAC
Hər il fevralın 17-də (29 bəhmən) İranda Təbriz üsyanının ildönümü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, 1978-ci il fevralın 17-də İranın Şərqi Azərbaycan vilayətinin inzibatı mərkəzi olan Təbriz şəhərində Pəhləvi rejiminə qarşı böyük üsyan baş verib.
Qeyd etmək lazımdır ki, hələ Təbriz üsyanından əvvəl 1978-ci ilin 9 yanvarında Qum şəhərində etiraz edənlər rejimin repressiyasına məruz qalmışdı. Qum faciəsinin 40-cı gününü qeyd edən təbrizlilər küçə və meydanlara çıxaraq Pəhləvi rejiminə qarşı etirazlarını bildirirdilər. Həmin vaxt məcburi mühacirətdə yaşayan İran İslam İnqilabının banisi Ayətullah Ruhulla Xomeyni təbrizlilərə müraciət ünvanlamışdır. Müraciətdə deyilirdi ki, “İran azəriləri rejimə qarşı mübarizənin ön sıralarında dayanıblar. Onların şücaəti inqilabın daha da alovlanmasında əhəmiyyətli rol oynayıb. İrandakı azəriləri, ərəbləri, kürdlər, lorları və digər xalqları birləşdirən yeganə amil İslam dinidir. Bu birlik inqilabın qələbəsini təmin edəcək”.
Lakin rejim qəddarlıq nümayiş etdirərək etirazı yatırmağa çalışdı və 13 təbrizli həlak oldu, 125 nəfər isə ağır yaralandı.
Təbrizdə baş verən 17 fevral etirazları İslam inqilabının baş verməsində xüsusi əhəmiyyətə malik olduğu üçün hər il fevralın 17-si təntənəli şəkildə qeyd olunur.
Bu il koronavirus pandemiyası ilə əlaqədar olaraq kütləvi tədbirlər təxirə salınıb. Lakin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi videomüraciət edib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran