DÜNYA
İranda koronavirusa yoluxanlar və ölənlərin sayında artım müşahidə edilir
Tehran, 1 aprel, AZƏRTAC
Bu günə olan məlumata görə İranda koronavirusa yoluxanların sayı artaraq 44 min 606-ya, ölənlərin sayı isə 2 min 898-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur keçirdiyi onlayn brifinqdə deyib. O bildirib ki, son 24 saat ərzində xüsusi xəstəxanalarda müalicə alan 141 nəfər həyatını itirib. Bununla yanaşı 14 min 656 nəfər sağalaraq evə buraxılıb.
Bununla yanaşı 40 milyon insan testdən keçirilib və yoluxanlar müəyyən edilən xəstəxanaya göndərilib. Əhalinin testdən keçirilməsi davam edir.
Təbriz şəhərinə karantin tədbirlərinin gücləndirilməsi ilə əlaqədar şəhərin giriş-çıxışında avtomobil tıxacları yaranıb.
İranın Müdafiə Nazirliyi isə tabeliyində olan müəssisələrin birində tibbi maska istehsalına başlayıb.
İranın vitse-prezidentinin müşavir Pərviz Kərəmi öz "Instagram" səhifəsində bildirib ki, Koronavirusla Mübarizə üzrə Milli Qərargah mövcud vəziyyətin ən azı yayın əvvəllərinə qədər davam edəcəyini proqnozlaşdırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran