SİYASƏT
İrandakı klinikalarda genofondumuz məhv edilir - Politoloq

Bakı, 7 iyun, AZƏRTAC
İranın uzun illərdir ki, səhiyyə xidmətlərinin keyfiyyətinin guya yüksək olması barədə apardığı reklam kampaniyası fiaskoya uğrayıb. Bu təbliğata inanıb İrana üz tutan Azərbaycan vətəndaşları son illər orada aldıqları səhiyyə xidmətlərinin nəticələrindən açıq narazılıqlarını bildirirlər. Dəfələrlə sübut olunub ki, sağalmaq üçün Arazın o tayına adlayan soydaşlarımızın sağlıq durumu yaxşılaşmaq əvəzinə, daha da pisləşib. Bunun nəticəsidir ki, indi İranda “keyfiyyətli və ucuz səhiyyə” nağıllarına heç kəs inanmır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.
İranın səhiyyə sisteminin iflasa uğramasının gözlənilən olduğunu vurğulayan politoloq əlavə edib: “1979-cu ildə İran İslam inqilabı nəticəsində hakimiyyətə gələn İran molla rejiminin radikal siyasəti nəticəsində bu ölkəyə qarşı ABŞ və Qərb tərəfindən sanksiyalar tətbiq edildi. Nəticədə İran bütün texnoloji yeniliklərdən təcrid olundu, savadlı səhiyyə kadrları yetişmədi. Texnoloji yeniliklərə çıxışı olmayan, xaricdə təhsil almış kadrları geri qayıtmayan bir ölkənin güclü səhiyyə sisteminin mövcudluğu qeyri-mümkündür. Qırx il ərzində tətbiq edilən sanksiyalar səbəbindən ən peşəkar həkimlər ölkəni kütləvi şəkildə tərk ediblər. Hazırda bu ölkədə çalışan həkimlər İranın əyalətlərində tibbi təhsil almış şəxslərdir ki, onların da diplomları heç bir xarici ölkədə tanınmır.
Tətbiq edilən sanksiyalar ölkəyə müasir tibbi cihazlar və avadanlıqların gətirilməsini məhdudlaşdırır. Ölkənin səhiyyə sistemində ötən əsrin 90-cı illərinin cihazları və avadanlıqları istifadə olunur”.
İranda satılan dərmanların keyfiyyəti barədə deyilənlərin də həqiqətdən uzaq olduğunu vurğulayan politoloq əlavə edib: “Sanksiyalar nəticəsində ölkəyə tibbi və kimyəvi maddələrin idxalına qadağa qoyulub. Bu da İranda istehsal edilən dərman preparatlarının keyfiyyətinin kəskin azalması ilə nəticələnib. Azərbaycanda İran səhiyyəsinin təbliğatını aparan işbazların məqsədləri aydındır. İran klinikaları Azərbaycandakı həyat səviyyəsinin yaxşılaşdığını, əhalinin gəlirlərinin artdığını bilirlər. İran klinikalarına normal məbləğdə maddi vəsait ödəyən Azərbaycan vətəndaşları onlar üçün yaxşı gəlir mənbəyidir. Klinika rəhbərliyi işbazlarla alver edir və Azərbaycandan aldadıb gətirdikləri hər bir pasiyentə görə onlara “zəhmət haqqı” ödəyir. Bir sözlə “tibb və səhiyyə” pərdəsi altında pul qazanmaq məqsədi ilə fərqli yalan və işbazlıq üzərində qurulmuş oyunlar həyata keçirilir. Bəs bu sistem necə işləyir? Vətəndaşlarımız hava limanında qarşılanır, “həkimlə görüş üçün növbə” və “xəstəxanaya depozit” adı altında əvvəlcədən maliyyə vəsaiti alınır və şəxslər müvəqqəti mehmanxanaların birinə yerləşdirilirlər. Bəzi hallarda işbazlar vətəndaşlarımızı aldatdıqdan sonra qaçıb aradan çıxırlar. Eyni zamanda, xəstələrə bilərəkdən səhv diaqnozlar qoyurlar ki, onlar xəstəxanalarda daha çox qalsınlar. Əsassız analizlər, saxta dərmanlar, xəstələrimizin durumunu daha da ağırlaşdırır, hətta onların şikəst qalması ilə nəticələnir. Bəzi hallarda insanlar Vətənə qayıtdıqdan sonra İrandakı səhv müalicə nəticəsində onlarda yeni xəstəliklər əmələ gəlir. Bununla da genofondumuza zərbə vurulur. Səhv müalicə səbəbindən ölən insanların cənazələrinin ailə üzvlərinə verilməsi adi hal alıb. Bu barədə dəfələrlə mətbuatda məlumatlar gedib. Girov saxlanılan cənazə külli miqdarda pul vəsaiti ödənildikdən sonra ailələrə verilir. Bəzi hallarda isə şişirdilən “xidmət haqqı”nı ödəyə bilməyən xəstələr və onların yaxınları girov saxlanılır. Bu cür insanlar, həmçinin İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edilirlər”.
R.Alıyev hesab edir ki, Azərbaycan dövləti bu kimi təhlükəli halların qarşısını almaq üçün müvafiq addımlar atmalıdır. Sərhəd-keçid məntəqəsində İrana müalicə üçün gedən vətəndaşlarımız maarifləndirilməli və onlara gözlənilən təhlükə barədə xəbərdarlıq edilməlidir. Biz “səhiyyə turizmi” adı altında İranda vətəndaşlarımıza qarşı törədilənləri ciddi araşdırmalıyıq. Həmçinin işbazlara qarşı ciddi ölçü götürülməlidir.