CƏMİYYƏT
İrandan Azərbaycana külli miqdarda narkotik vasitələri qaçaq yolla keçirən şəxs saxlanılıb
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının vətəndaşı Eyvazov Babək Rzabala oğlunun bacısı Minayə Eyvazovanı İran vətəndaşları olan narkotacirlərdə girov qoyması və külli miqdarda narkotik vasitələri qaçaq yolla Azərbaycana keçirmək üçün qəbul etməsi barədə məlumat daxil olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda Astara rayonu Şəvqo kəndi istiqamətində qanunsuz keçərək külli miqdarda - 3 kiloqram 12,23 qram heroin və metadon həblərini qaçaq yolla Azərbaycana keçirən Babək Eyvazov əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanıb.
Babək Eyvazov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə dövlət sərhədini qanunsuz keçmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər faktlar üzrə məhkəmə qərarı ilə həbs edilib.
Minayə Eyvazova Babək Eyvazovun şəxsiyyətini təsdiq edən sənədlərlə birlikdə ölkəyə qaytarılıb.
Hazırda araşdırmalar davam edir.