CƏMİYYƏT
İranlı Mühacirlər Cəmiyyətinin maarifləndirici layihəsi uğurla başa çatıb
Bakı, 2 noyabr, AZƏRTAC
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin (İMC) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Azərbaycan Respublikasına olan mühacirətin mərhələləri, ölkədə mühacirlərlə iş sahəsində tendensiya və xüsusiyyətlərin öyrənilməsi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi uğurla başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, sonuncu – dördüncü dəyirmi masa qurumun üzvlərinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, tanınmış alimlərin və tədqiqatçıların iştirakı ilə Bakıda keçirilib.
Layihənin rəhbəri, Əməkdar jurnalist Rəhim Hüseynzadə layihə çərçivəsində ilk üç dəyirmi masanın bölgələrdə - Quba, Qazax və Şirvanda keçirildiyini bildirərək deyib ki, bu tədbirlər vasitəsilə rayon sakinləri onlarla birgə yaşayan, çiyin-çiyinə çalışan mühacirlərlə əyani tanış olmaq imkanı qazanıblar.
İranlı Mühacirlər Cəmiyyətinin sədri, ehtiyatda olan polkovnik Firidun İbrahimi çıxışında rəhbəri olduğu qurumun yaranma tarixi, 72 ili əhatə edən fəaliyyətinin mərhələləri barədə müfəssəl məlumat verərək deyib: “Cəmiyyətimizin fəaliyyətinə nəzər saldıqda 1947-ci ildən bəri respublikamıza olan mühacirətin mərhələləri barədə dolğun məlumat əldə etmək olar. Layihə çərçivəsindəki tədbirlərdə iranlı mühacirlərin daha kompakt yaşadıqları bölgələrdə onları bir araya gətirir, keçmişimizə, bu günümüzə nəzər salır və işimizin daha da canlandırılması ilə bağlı fikir mübadilələri aparırıq”.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə araşdırmaları zamanı əldə etdiyi məlumatların, konkret faktların onda məmnunluq yaratdığını bildirib.
Digər çıxış edənlər - “20 Yanvar” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, ehtiyatda olan mayor Nizami Rzaşüvari, AMEA-nın Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarixçi-alim Səməd Bayramzadə, Cəmiyyətin İdarə Heyətinin üzvləri - tibb elmləri namizədi Adilə Çernikbulənd və Murtuza Nizamoğlu, tarixçi-alim Əkrəm Bije (Rəhimi), filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, tanınmış jurnalist Ənvər Qafarlı və İMC-nin qadınlar təşkilatının sədri Möminat Puhən təkliflər irəli sürüb, ölkəmizdə mühacirlərə göstərilən qayğıdan, onların milli elmimizə, ədəbiyyatımıza verdiyi töhfələrdən və qadınların cəmiyyətdəki fəal rolundan danışıblar.
Sonda İranlı Mühacirlər Ədəbi Birliyinin sədri, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı Tariyel Ümid şeirlərini oxuyub.